Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha bir nəfər saxlanılıb. Nəticədə qanunsuz dövriyyədən 78 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Baş İdarəyə Yevlax rayon sakini Seymur Hüseynovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan biri olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb. Onun qanunsuz əməlləri və xarici ölkələrdə yaşayan narkotacirlərlə əlaqələri əməliyyat-texniki tədbirlərlə tam sübuta yertirilib. Həmin şəxs qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni həmin narkotacirin göstərişi ilə Füzuli rayonunun, Araz Dilağarda kəndi ərazisində qəbul edib Yevlaxa gətirən zaman Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Seymur Hüseynovun üzərinə, həmçinin idarə etdiyi “Lifan” markalı avtomobilə baxış zamanı ümumilikdə 78 kiloqram, o cümlədən 47 kiloqram heroin, 26 kiloqram marixuana, 4 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 500 ədəd psixotrop tərkibli satışı qardağan edilən metadon həbi aşkar edilib. Aparılan araşdırmalarla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Seymur Hüseynovun Birinci Qarabağ müharibəsi əlili olduğu, narkotiklərin daşınmasında istifadə etdiyi avtomobilin isə ona dövlət tərəfindən verildiyi müəyyən edilib.
Qeyd edək ki, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarından yayınmağa çalışıb və ehtiyatsızlıqdan idarəetməni itirərək qəza törədib. Qəza zamanı sürücü hər hansı bir xəsarət almayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Seymur Hüseynovun xaric və ölkə daxilindəki cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.