"İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub".
Bu barədə Baş Prokurorluqdan "Unikal"-a daxil olan məlumatda deyilir.
Bildirilir ki, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.