Xızı rayonu ərazisində hərbi sursat aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və 1 ədəd döyüş tətbiqinə yararlı TAB-50 markalı aviabomba olduğu müəyyən edilib.
Hadisə yerinə FHN-in Mülki müdafiə qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da cəlb olunub.
Mərmilər XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.