Rusiyalı siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilinə bomba qoyularaq öldürülməsindən sonra hadisənin səbəbkarları araşdırılır, sui-qəsdin məsuliyyəti isə Rusiya Milli Respublika Ordusunun üzərinə düşüb.
"Unikal" xəbər verir ki, Avrasiya Yerli Hakimiyyətlər Birliyinin sədri Həsən Cengiz rusiyalı siyasi ekspert Daria Duqina ilə yaxın olduğunu və ortaq işlər gördüklərini ifadə edərək, "Darya ilə çox yaxın idik. O, məni ötən cümə günü Moskvaya dəvət etdi. Əslində hücum Aleksandr Duqinə qarşı idi. Aleksandr Duqin başqa bir proqramda olduğu üçün hücumun hədəfi Darya Duqina oldu. Bu hücum sıradan bir hücum deyil. 4 ay əvvəl Duqinə belə bir sui-qəsdin ola biləcəyini demişdim. Duqin həm də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müdafiə edən bir şəxs idi. Bu əməliyyatlarda onun fikir və təklifləri nəzərə alınıb", - deyə bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil partladılıb. 30 yaşlı Duqina hadisə yerində ölüb. Onun tamamilə yanmış meyitini ekspertizadan sonra tanımaq mümkün olub.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil hərəkətdə olarkən baş verib. Duqinanın avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb, bundan sonra o, yoldan çıxaraq binaya çırpılıb.
Avtomobili Darya Duqinanın özü idarə edirmiş. Məlumata görə, tədbirlərin birindən birlikdə çıxan Aleksandr Duqinlə qızı eyni avtomobilə əyləşməli imiş. Lakin filosof son anda fikrini dəyişərək başqa maşınla yola düşüb. Hədəfin Aleksandr Duqin ola biləcəyi ehtimal edilir.