"Həqiqətən də, biz (Aİ - red) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səyləri alqışlayırıq və münaqişə ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarıyıq. Avropa İttifaqı sülh müqavilələri üzrə həm cari, həm də gələcək danışıqları və sərhəd məsələlərinin həlli, regionda kommunikasiyaların qarşısının alınması səylərini güclü şəkildə dəstəkləyir".
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin deyib.
O, Aİ-nin Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu qeyd edib. Viktorinin sözlərinə görə, itkin düşənlərin axtarışı və Qarabağda ərazilərin təmizlənməsi də daxil olmaqla mühüm məsələlərin həlli üçün daha çox iş görülməlidir.
Diplomat vurğulayıb ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsləri, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel münaqişənin sülh yolu ilə həlli prosesinə cəlb olunub: "Aİ indi daha fəal mövqe tutub və Prezident Mişel və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın müntəzəm məsləhətləşmələri və səfərləri vasitəsilə ən yüksək səviyyədə önəmli rol oynayır. O, iyulun 13 və 14-də burada olub. Beləliklə, biz daimi əlaqə saxlayırıq və Mişel bu məsələdə şəxsən iştirak edir".
Ağarza Elçinoğlu