Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin Baş nazirinin seçilməsi ilə bağlı səsvermə başa çatıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, müxtəlif hesablamalara görə, sayı 160 mindən 200 minə qədər olan partiya üzvləri ənənəvi olaraq ya poçtla, ya da onlayn qaydada səs verə bilərdi.
Partiya üzvlərinə seçki bülletenləri olan məktublar avqustun 1-dən göndərilməyə başlanıb, bazar günü səslər hesablanacaq. Partiyanın yeni liderinin və Böyük Britaniyanın yeni Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. Bu postlara Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak namizəddir. İctimai rəy sorğularına əsasən, rəqibini təqribən 30 faiz səslə qabaqlayan L.Trass aşkar favoriti hesab olunur.
Yeni Baş nazir vəzifəsinin icrasına rəsmi olaraq Böyük Britaniya kraliçası II Elizabet ilə görüşdən sonra sentyabrın 6-da başlayacaq. 96 yaşlı monarx bu dəfə hakimiyyəti dövründə ilk dəfə olaraq yeni Baş naziri Bukingem sarayında deyil, adətən yayın ikinci yarısını və sentyabrın əvvəlini keçirdiyi Şotlandiyadakı Balmoral qəsrində təsdiq edəcək.