Sankt-Peterburqun Smolninsk bələdiyyə qurumunun bir qrup deputatı Rusiya Federasiyasının Dövlət Dumasını prezident Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıb.
"Unikal" xəbər verir ki, müraciəti rusiyalı deputat Dmitri Palyuqa "Twitter"də paylaşıb.
Müraciətdə bildirilir ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusunun “döyüşə hazır bölmələri” məhv edilir, Rusiyanın “gənc əmək qabiliyyətli” vətəndaşları ölür və əlil olurlar.
Bundan əlavə, Rusiya iqtisadiyyatı əziyyət çəkir və Rusiyanın NATO ölkələri ilə sərhədinin uzunluğu iki dəfədən çox artıb.Deputatlar qeyd ediblər ki, elan edilmiş “Ukraynanın demilitarizasiyası” məqsədi əks effekt verib.
Deputatlar hesab edirlər ki, Putinin Ukraynanı işğal etmək qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir.
"Bununla bağlı sizdən Dövlət Dumasının deputatı kimi Rusiya Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsi təklifi ilə çıxış etməyinizi xahiş edirik", - deyə bildiriblər.
Gülayə Mecid