Gürcüstan hakimiyyəti vətəndaşlardan Rusiyaya qarşı müharibə istəyib-istəmədiklərini soruşmaq üçün ümumxalq referendumunu təşkil edə bilər.
"Unikal" xəbər verir ki, bu sözləri “Gürcü Arzusu” partiyasının sədri Giorgi Kobaxidze deyib.
“Qoy xalq desin ki, onlar Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər, ya yox”.
Kobaxidze qeyd edib ki, Gürcüstan hakimiyyəti “xalqın dediyi kimi hərəkət edəcək”. Kobaxidze bununla da gürcü xalqını Ukrayna siyasətçilərinin Gürcüstanın Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb edilməsinin zəruriliyi ilə bağlı çağırışlarına cavab verməyə çağırıb.
Bundan əvvəl Kobaxidze artıq Ukraynanı və yerli müxalifəti Tbilisini hərbi münaqişəyə cəlb etməkdə ittiham etmiş, bu məsələ ilə bağlı referendum keçirilməsini təklif etmişdi. Siyasətçi daha sonra deyib ki, “əhalinin əksəriyyəti son gürcüyə qədər döyüşmək istəyirsə, o zaman bunu müzakirə edə bilərik”.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bir gün əvvəl bildirmişdi ki, ölkə Ukrayna böhranı ilə bağlı aydın mövqe sayəsində ikirəqəmli yaxşı iqtisadi artıma nail ola bilib.