Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.

Müdafiə Nazirliyindən "Unikal"a bildirilib ki, beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir.

***

10:02

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.