ABŞ-ın vitse-prezidenti Kamala Harris Cənubi Koreyaya bir günlük səfəri zamanı yanlışlığa yol verərək ABŞ-ı KXDR-in müttəfiqi adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Bizi çox mühüm münasibətlər birləşdirir, ABŞ Şimali Koreya Respublikasının müttəfiqidir. Bu, çox güclü və davamlı ittifaqdır”, - vitse-prezident Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonaya səfəri zamanı bildirib.
Qeyd edək ki, sentyabrın 29-da Harris Koreya Respublikasına bir günlük səfərdə olub, burada Cənubi Koreya lideri ilə danışıqlar aparıb, Şimali Koreya ilə sərhəddəki silahsızlaşdırılmış zonaya baş çəkib və Pxenyanı insan haqlarını pozduğuna görə pisləyib.
ABŞ vitse-prezidentinin regiona səfəri fonunda KXDR 350 km uçan və maksimum 50 km yüksəkliyə çatan iki qısa mənzilli ballistik raket buraxıb. KXDR-in növbəti raket buraxılışını elan etməsindən dərhal sonra bu barədə məlumat toplamaq üçün Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində fövqəladə qərargah yaradılıb.
Ramil Zeynallı