"Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanan 5 prinsipi irəli sürüb. Ermənistan isə bunu qəbul edib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, dəfələrlə bu ölkənin baş naziri, xarici işlər naziri, hətta prezidenti səviyyəsində etiraf ediblər ki, təklif olunan prinsiplər Ermənistan üçün normaldır:
"Amma təəssüflər olsun ki, bu məsələni uzadırlar. Bu yaxınlarda Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işləri nazirləri görüşdülər. Orada da müxtəlif yanaşmalar var. Ermənistan əvvəl özünü belə aparmırdı. Amma indi ritorikanı dəyişdikləri görünür. Yəni, danışıqlarda Ermənistan tərəfindən müəyyən qədər sərtləşmələr var. Halbuki əvvəl belə deyildi. İndi onu havadarları qızışdırır və s. bu, onların öz işidir. Hər bir halda biz sülh müqaviləsinin tərəfdarıyıq. İstəyirik ki, regionda əmin-amanlıq, sabitlik, sülh, təhlükəsizlik olsun. Ümumiyyətlə, bu məsələ bitsin. Ermənistan nəyi gözləyir, nəyə arxayındırlar, nədən belə edirlər, onu gələcək göstərəcək".
Komitə sədri qeyd edib ki, onların bütün bu addımları sülh müqaviləsinin imzalanmasının uzadılmasına yönəldilib:
"Qarabağda olan qanunsuz erməni silahlı birləşmələri tərəfindən, həmçinin, sərhəddə olan təxribatlar ondan xəbər verir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Yenə də imitasiya etməyə başlayırlar. Necə ki, 30 ildə danışıqlar prosesini imitasiya edirdilər. Sonra sübut olundu ki, bunlar elə danışıqlar xətrinə danışığa gedirlər. Əslində, danışıqlarda maraqlı deyillər. Sülh müqaviləsinin imzalanmasından qaçmaq üçün belə təxribatlara əl atırlar. Bu təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Əgər, bir daha əmin olsaq ki, Ermənistan qəti şəkildə sülh müqaviləsini imzalamaqdan imtina edir, danışıqlar onlar üçün imitasiyadır və təxribatları davam etdirirlər, layiqli cavablarını alacaqlar. Buna heç bir şübhələri olmasın".
Anar Kəlbiyev