Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova "Facebook"da məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.
Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.