İranın ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı, tanınmış hüquq müdafiəçisi Fəridə Muradxani sosial şəbəkə hesabında dünya ölkələrinə müraciət edib.

"Unikal" xəbər verir ki, onun müraciəti sosial şəbəkələrdə və mediada geniş yayılaraq, ciddi müzakirələrə səbəb olub.

Fəridə Muradxani dünya ölkələrini Tehranla bütün əlaqələri kəsməyə çağırıb.

“Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil və gücdən, hakimiyyəti saxlamaqdan başqa heç bir qayda tanımır”, - Muradxani bildirib.

Qeyd edək ki, İranda iki aydan çox davam edən aksiyalarda 63-ü azyaşlı olmaqla 450 etirazçı öldürülüb. Məlumata görə, aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin 60 əməkdaşı öldürülüb, 18 173 etirazçı saxlanılıb.