Minnesota ştatının Hennepin Dairə Məhkəməsi keçmiş polis məmuru Aleksandr Kuenqi üç il yarım müddətinə azadlıqdan məhrum edib.
"Unikal" “Reuters”ə istinadən xəbər verir ki, o, 2020-ci ilin mayında afro-amerikalı Corc Floydun ölümündə iştirakda təqsirləndirilir.
Xatırladaq ki, 29 yaşlı Kuenq Floydu saxlayıb, keçmiş polis Derek Şovin isə ayağını afro-amerikalının boynuna basaraq onun boğularaq ölməsinə səbəb olub. Şovin 22,5 il həbs cəzasına məhkum edilib. Kuenq bu ilin oktyabr ayında Şovinə kömək etdiyini etiraf etmişdi. Floydun ölümü Amerikada kütləvi mitinqlərə səbəb olmuşdu. Nəticədə 29 nəfər etirazçı həlak olmuş, 14 mindən çox insan isə həbs edilmişdi.