İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən su tutumu 5,86 mln. kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən su tutumu 23 mln. kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 mln. kubmetr olan 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 km olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müşaviri Əsəd Şirinov bildirib.
Onun sözlərinə görə, Ağdam, Fizuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə başlanılmışdır. Bununla yanaşı uzunluğu 56 km olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 mln. kbm olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutumu 67 mln. kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etməkdədir.
Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən su tutumu 26,7 mln. kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına başlanılıb.