“Mən təkliflərlə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Bu gün biz Məhkəmələr və hakimlər haqqında qanunun 94-cü maddəsinin 4-cü hissəsinə əsasən namizədliyi Ali və Apellyasiya Məhkəmələrinə təqdim olunmuş hakimləri təyin edirik. Qanunun 4-cü bəndində qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinin hakimi vəzifələrinə bir qayda olaraq ən azı beş il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxsər təyin oluna bilərlər. Bizə təklif olunan namizədlərinin 12-sinin ən azı 5 il hakim kimi iş təcrübəsi yoxdur”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, həmkarı Nizami Səfərov bildirdi ki, təcrübəli hakimlər irəli çəkilib: “Bu namizədlərin irəli sürülməsi qeyd etdiyim bənddəki “bir qayda olaraq” ifadəsinə istinad olunmaqla irəli sürülüb. Həmin ifadədən qanunlarda istifadə olunmasına “Normativ hüquq aktlar haqqında” konstitusiya qanunun dövlət orqanının, vəzifəli şəxsin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri adlanan 64.4-cü maddəsi ilə qadağa qoyulur. 64.10-cu maddədə də deyilir ki, qanunlarda qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz. Məhz bu baxımdan “Məhkəmələr və hakimlər haqqında” qanunun keçid müddəalarının 7-ci bəndindəki “son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə Hüququ Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər” müddəası konstitusiyaya ziddir.
Ali Məhkəmənin sədri də 68 yaşını-son yaş həddini keçdiyindən bu gün konstitusiyaya zidd olaraq həmin vəzifəni tutur. Hörmətli həmkarlar, xatırlayırsınızsa sabiq ombudsman Elmira Süleymanova qanunda nəzərdə tutulandan artıq vəzifədə qaldığı üçün Azərbaycanın beynəlxalq reytinqi aşağı salınıb. Deməli hakimlər təyin olunarkən “bir qayda” ifadəsi konstitusiya ilə ziddiyyət təşkil etdiyindən konstitusiyaya istinad olunmalıdır. Ən paradoksal və acınacaqlı hal ondan ibarətdir ki, biz bu gün “bir qayda olaraq” ifadəsini “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa zidd olduğu üçün “Məhkəmələr və hakimlər haqqında” qanundan çıxaracaqlar. Yəni bu gün konstitusiyaya zidd qərar qəbul etdiyimizi bilirik. “Məhkəmələr və hakimlər haqqında” qanunun 95-ci maddəsinə əsasən hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl konstitusiya və qanunlara əməl edəcəklərinə dair and içirlər. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, konstitusiyanı necə qoruyacaqlar? Gəlin belə qəbul edək ki, əskinədir, qanunlar konstitusiyadan üstündür. O halda belə istisna olaraq 1, maksimum 2 şəxs 5 il iş təcrübəsi olmadan yuxarı instansiya məhkəməsinə təyin oluna bilər. Biz isə qeyd etdiyim kimi 12 nəfər təyin edirik”. Millət vəkili əlavə edib ki, bu Apellyasiya Məhkəmələrinə ümumi təyin olunanların 50 faizindən çoxudur: “Ötən il bu vaxt biz Apellyasiya Məhkəmələrinə 8 nəfər təyin etdik, 8-i də istisna olaraq təyin olundular. Hər bir halda konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır. Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 1-ci maddəsində verilən anlayışda göstərilir ki, normativ hüquqi aktdan sui-istifadə korrupsiya şərait yaradan müddəaların olması deməkdir. Hörmətli həmkarlar! Bizə hakimlər haqqında ətraflı məlumat verilmir. Məsələn, biz bilmirik ki, hansı hakim hansı Appellyasiya Məhkəməsində, yaxud Ali Məhkəmədə kollegiyanın üzvü seçiləcək. Məhkəmə Hüquq Şurasının nümayəndəsinin komitədə verdiyi məlumata görə, birinci instansiya məhkəmələrində 5 il təcrübəsi olan 200-dən artıq hakim var. Niyə onların sırasından namizədlər seçilməyib? Bugünkü təyinatlar həm də o 200 nəfərə münasibətdə hesab edirəm ki həqarətdir.
Orada göstərilmir ki, hansı hakim Apellyasiya Məhkəməsində hansı kollegiyada olacaq. Məsələn bir dənə də olsun ağır cinayət işinə baxmamış hakim necə Apellyasiya Məhkəməsində cinayət işləri üzrə kollegiyanın üzvü ola bilər? Əslində belə olmalıdır, norma və məntiq də bunu deyir ki, məsələn Ağır Cinayətlər Məhkəməsinin ən təcrübəli hakimi Apellyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında yer olarsa, ora təqdim olunmalıdır. Ali Məhkəmənin müvafiq kollegiyasında boş yer olarsa ora Apellyasiya Məhkəməsinin müvafiq kollegiyasının ən təcrübəli üzvü təyin olunmalıdır. Mən o manipulyasiyaları da qəbul etmirəm ki, gənclər daha təmizdir, bacarıqlıdır, onlara yol açılmalıdır. Əvvəla yuxarı məhkəmələrə daha təcrübəli hakimlər lazımdır. Heç olmasa da dünya təcrübəsinə də baxmaq olar. İkincisi, eyni məntiqlə, Məhkəmə Hüquq Şurasının sədri də, onun nazir kimi müavinləri də kifayət qədər yaşlıdırlar. Uzun müddətdir ki, eyni vəzifəni tuturlar. Niyə istefa verib, məhkəmə islahatlarını uğurla həyata keçirə biləcək gənclərə yol açmırlar? Hörmətli sədr! Xahiş edirəm, səsvermə adbaad olmayacaqsa protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edin”.
Anar Kəlbiyev