Bu gün Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal"ın komitəyə istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı və Ağsu rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı Ş. Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.