Bu gün Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması üzrə Layihə İşçi Qrupunun onlayn görüşü baş tutub.
"Unikal" xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər üzrə YŞFP layihəsinin koordinatoru Səməd Tomuyev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU innovasiyalar departamentinin direktoru, yerli layihə koordinatoru Vasif Həsənov, İşçi Qrupuna daxil olan dövlət qurumları, bələdiyyələr, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.
Səməd Tomuyev Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulduğunu bildirib. Şəhərdə həyata keçirilən fəaliyyətin əhəmiyyəti barədə məlumat verib və maraqlı tərəfləri aktiv iştiraka çağırıb.
Görüş müddətində layihə çərçivəsində görülmüş işlər barədə məlumat verilib, əldə edilmiş nəticələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, İşçi Qrupunun üzvlərinin onlayn sorğuda iştirakı təmin edilib.
Qeyd edək ki, layihə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi şəhərin “Yaşıl Şəhər” meyarlarına cavab verə bilməsi və növbəti illərdə icrası nəzərdə tutulan müvafiq Fəaliyyət Planının hazırlanmasıdır.