Krımın işğal altında olan Simferopol şəhərində Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Hasan İbrahimov saxlanılıb.
"Unikal" xəbər verir ki, Xerson və Zaporojye vilayətlərinə “gözətçi” təyin edilən Hasan İbrahimovla birlikdə Çeçenistandan olan dörd təhlükəsizlik işçisi də həbs olunub. Onlar restoranda müştərilərdən birini döyməkdə şübhəli bilinirlər. “Axmat” xüsusi çevik reaksiya dəstəsinin dörd leytenantı və bir komandir müavini “Monro” klubuna dincəlməyə gəlib. Bu zaman kadırovçulardan biri oradakı müştərinin sevgilisi olan qıza qarşı nalayiq hərəkət edib. Sevgilisini qorumaq istəyən oğlan qızın müdafiəsinə qalxıb.
Kadırovçular oğlanı küçəyə sürüyərək elə oradaca döyməyə başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, klubun təhlükəsizlik işçiləri oğlanın döyülməsinə mane olmayıb və onları aralamaq üçün müdaxilə etməyiblər. Sataşdıqları qız onları ayırmağa çalışıb, lakin o da döyüşdən nəsibini alıb.
Dalaşanları yalnız yerli polis əməkdaşları sakitləşdirməyə nail olublar. Həbs zamanı hətta çeçenlərdən biri polisi təpikləyib və hüquq mühafizəçiləri spreydən istifadə etməli olublar. Müstəntiqlərlə söhbət zamanı şübhəlilər etdiklərini boyunlarına almayıblar, lakin onların bütün hərəkətləri müşahidə kameralarına əks olunub.