Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnunluğun təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
 
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, vətəndaşlarımız onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilirlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və E-polis tətbiqindəki müvafiq bölmə istifadədədir.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.