Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi şöhrət simvollarından biri olan Müqəddəs Georgi lentinin ləkələnməsinə görə məsuliyyət daşıyan qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, həmin qanuna görə, Müqəddəs Georgi lentini ictimaiyyət qarşısında təhqir etməkdə ittiham olunan şəxs 5 milyon rubla qədər cərimə və ya 5 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
Sənəddə qeyd edilir ki, lent yalnız tarixi yaddaş kontekstində istifadə oluna bilər və ondan kənarda istifadə etmək cəhdi dayandırılmalıdır.
Bununla belə, hakimiyyət orqanları müqəddəs Georgi lentinin ictimai tədbirlərdə istifadəsinə icazə verə bilər.
Rusiyada Georgi lenti 2000-ci illərdən Böyük Vətən Müharibəsində qələbə simvolu kimi istifadə olunur və praktikada tədricən Kremlə sədaqət simvoluna çevrilir.
Həmin narıncı-qara zolaqlı lent xüsusilə Donetskdəki separatçılar arasında populyarlaşıb və Ukraynada Krımın ilhaqını tərifləyən kimi qiymətləndirilir.
Müqəddəs Georgi lenti Ukrayna, Moldova, Latviya və Litvada qanunla qadağandır.