ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə əməkdaşlıq etməkdə qərarlıdır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenin bəyanatına istinadən məlumat yayıb.
“Mən İsrailin və Yaxın Şərqin üzləşdiyi çoxsaylı çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün onilliklər ərzində dostum olan İsrailin baş naziri Benyamin Netanyahu ilə işləməyi səbirsizliklə gözləyirəm”, - ABŞ lideri bildirib.
Baydenin sözlərinə görə, ABŞ Yaxın Şərqdə "inteqrasiya, rifah və təhlükəsizliyi" təmin etməyə çalışır. O, əmin edib ki, onun administrasiyası “israillilər və fələstinlilər arasında” sülhü təşviq edir və bu işi Netanyahunun rəhbərliyi altında yeni İsrail hökuməti ilə davam etdirmək niyyətindədir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiya yeni hökumət dövründə İsraillə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyi və Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsini səbirsizliklə gözləyir.