General Qasim Süleymaninin öldürülməsi ilə bağlı 94 müttəhim amerikalı, ilk üç isə müttəhim Donald Tramp, Mayk Pompeo və Kennet Makkenzidir.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ədliyyə Sisteminin rəhbərinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Hüquqları üzrə Baş Qərargahın katibi Kazem Qəribabadi deyib. 

İranın məhkəmə hakimiyyətinin rəis müavini bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds diviziyasının baş komandanının qətli faktı ilə bağlı İran və İraqda cinayət işləri açılıb.

“İran və İraqın məhkəmə orqanları arasında birgə komitə yaradılıb. Danışıqların üç raundu Tehran və Bağdadda baş tutub. Keçən həftə biz komitə iclasının dördüncü raundunun keçirilməsi barədə razılığa gəldik. Bu birgə komitə çərçivəsində iki ədliyyə qurumu arasında çox yaxşı məlumat və sənədlər mübadiləsi aparılıb və bu sənədlər və məlumatlar bizim ədliyyə məmurlarımıza araşdırmalarını başa çatdırmaqda köməklik edib”, - deyə Qəribabadi qeyd edib.

Onun sözlərinə görə, İran və İraq arasında danışıqların dördüncü raundu başa çatdıqdan sonra iranlı vəkillərin Beynəlxalq Əlaqələr Prokurorluğu çərçivəsində hazırladıqları ittiham aktı tamamlanacaq.

İranın İnsan Hüquqları üzrə Baş Qərargahının katibi qeyd edib ki, bütün lazımi sənədlər məhkəmə orqanları tərəfindən toplanıb və bu 94 təqsirləndirilən şəxs haqqında ən azı üç tam cild hazırdır.

Xatırladaq ki, general Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.