Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “14 iyul 1969: Milli dirçəlişin başlanğıcı – Müstəqil və suveren Azərbaycanın banisi” mövzusunda tədbir keçirilib.

"Unikal"
xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, ərazi partiya təşkilatının sədrləri Oruc Məmmədov, Şəhla Məmiyeva, partiya fəalı İlahə Abdullazadə qeyd ediblər ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Həmin tarixdən başlayaraq respublikamızın bütün sahələrində köklü islahatların baş verdiyi və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyduğu vurğulanıb: “Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, ölkəmiz respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb”.