“2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır.
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, Dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqlayıb.
"Yanvarın 9-da isə ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük əsaslar yaradır. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Təbii ki, buna əsas yaradan ölkəmizin iqtisadi tərəqqisidir. İqtisadi amil bütün sahələrdə təkmil addımların atılmasına stimul verir. Bu baxımdan ölkəmizdə idmanın inkişafına yönələn addımların davamlılığı diqqəti xüsusi cəlb edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, istər ölkəmizin ev sahibliyi etdiyi idman tədbirləri, istərsə də bu və ya digər ölkələrdə keçirilən yarışlarda idmançılarımızın qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır".
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır: “Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxtda və bölgələrdə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, gənclərin bu sahəyə marağının artırılması üçün təbliğat işləri günün tələbləri səviyyəsində qurulur. Bunu əsaslandırmaq üçün statistik rəqəmlərə diqqət yetirmək kifayətdir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir. Paytaxt Bakı ən mötəbər idman yarışlarına ev sahibliyi edib. Artıq növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsinin, federasiyaların, klubların, idman cəmiyyətlərinin birgə səyləri nəticəsində Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü və qüdrətini təsdiqləyəcək. O da məlumdur ki, son vaxtlar Bakı şəhərinin parklarının bəzilərində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb, trenajorlar quraşdırılıb. Bu təcrübənin bütün bölgələrdə tətbiqi prioritet istiqamətlərdəndir. Bu addım, idmanın kütləviliyinin təmin edilməsinə yönələn addımlar sırasındadır.”
YAP Xətai rayon təşkilatının sədri ötən ilin idman yekunlarda diqqət çəkən bu statistikanı da böyük qürur hissi ilə qeyd edib: “ İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızım malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada Dövlət Himninin səsləndirilməsi, qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur. Bu, güclü, qüdrətli, eyni zamanda, son iki ildə böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycanın dünya birliyində yerinə və roluna, mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərən tarixi hadisələrdir. Bu inam hər zaman qürurla vurğulanır ki, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında necə böyük Qələbəyə imza atdılarsa, bu Zəfəri idman yarışlarında da ifadə edir və bunu gələcək fəaliyyətləri üçün böyük stimul kimi qəbul edirlər”.
Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindən də geniş bəhs edib: “Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Şanlı Qələbəmiz gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq: “Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində həmin yaşayış məntəqələrində idmanın kütləviliyinin təmin edilməsi üçün idman obyektlərinin yaradılmasının da prioritetliyini xüsusi qeyd edib: “Məlumdur ki, işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Baş plan əsasında bərpa edilir. Baş planda görülməsi nəzərdə tutulan bütün işlər öz əksini tapıb. Dövlət başçısı İlham Əliyev Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsinin işlənildiyini, onun yanında böyük Olimpiya İdman Kompleksinin yaradılacağını bildirdi. Ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Azad edilmiş ərazilərimizdə ötən il bir neçə beynəlxalq idman yarışları keçirildi. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi. Bu kimi tədbirlərin rəmzi mənası vardır. Keçirilən hər bir tədbir özündə bir çox çağırışları ehtiva edir”.
Vüqar Rəhimzadə Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib: “2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir".