Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.
Bu barədə "Unikal"a Kliniki Tibbi Mərkəzdən xəbər verilib.
Bildirilib ki, son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə aparılıb. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:
"Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir".