11 yanvar “Dünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar bu gün Abşeron Milli Parkında Azərbaycan Fotoqraflar Birliyinin üzvləri üçün “Şah Dili fotoyaddaşda” adlı fototur təşkil olunub.
"Unikal" xəbər verir ki, peşəkar fotoqraflardan ibarət qrup Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan milli parkın füsunkar təbiətini, sahilboyu ərazidə məskunlaşmış quşları müşahidə edib, fotokameralar ilə zərif flaminqoların və digər quşların ecazkar görüntülərini, eləcə də yarımadanın cənub-şərq nöqtəsini Xəzərlə birləşdirən Şah Dilini lentə alıblar.
Fotoqraflara milli parkın ərazisi, flora və faunası haqqında, quşların miqrasiya mövsümü barədə məlumatlar verilib. Fototur Şah Dili gəzintisi ilə başa çatıb.