SOCAR “Azəriqaz” İB-nin Salyan RQİİ-nin rəhbər şəxsləri bu dəfə Sabirabad sakinlərinin müraciətlərini dinləyərək qeydə alıblar. Söhbət Sabirabadda keçirilən “Açıq mikrofon” aksiyasından gedir.
"Unikal" xəbər verir ki, 20-yə yaxın müraciətin ünvanlandığı görüşdə müxtəlif yönümlü məsələlər ətrafında müzakirələr aparılıb. “Səyyar qəbul otağı”nda səslənən müraciətlərə gəlincə bunlar qaz sayğacının yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və fərdi yaşayış evlərinin qazlaşdırılması kimi məsələlərə aid olub.
Sonuncu istəklə bağlı müraciət ünvanlayanlara məlumat verilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə qaz xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.