“Nar” 2023-cü ildə də nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətindəki layihələrini davam etdirir.
"Unikal" xəbər verir ki, mobil operator artıq 4-cü dəfədir ki, “Təlim Məktəbi” layihəsi çərçivəsində bu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün peşə təlimləri təşkil edir. Missiya çərçivəsində həmin gənclər üçün əmək bazarında daha çox tələbat olan manikür ustalığı təlimləri keçirilir.
Ümumilikdə 3 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 10 gənc iştirak edir. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. “Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.