Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində ukraynalı yaraqlıların hücumuna görə Stavropol diyarına səfərini ləğv edib.
"Unikal" xəbər verir ki, Putinin Pyatiqorsk şəhərinə gedərək tədbirə qatılacağı gözlənilirdi, lakin Ukrayna ordusunun əsgərləri Rusiya kəndlərinə hücum edərək bəzi vətəndaşları qətlə yetirib, digərlərini isə əsir götürdüyü üçün bölgədəki münaqişələr nəticəsində bu səfərini ləğv edib.
Kremlin sözçüsü Dmitri Peskov Putinin videobağlantı vasitəsilə tədbirə qatılacağını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov hadisəni "terror hücumu" kimi qiymətləndirib. Peskov bildirib ki, hücumu törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.
Vəziyyət hüquq-mühafizə orqanları və Bryansk vilayətinin qubernatoru vasitəsilə Vladimir Putinə çatdırılıb.
Martın 3-də Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirəcəyi açıqlanıb.
Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak açıqlama verərək hücumla heç bir əlaqəsi olmadığını və hadisənin “Rusiyanın təxribatı” olduğunu iddia edib.