Türkiyənin Çanaqqala vilayətində içməli və kommunal su ehtiyacını ödəyən və 54 milyon 115 min kubmetr su tutumuna malik olan Atıkhisar bəndində suyun miqdarı quraqlıq səbəbindən 23 milyon kubmetrə qədər azalıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Çanaqqala bələdiyyəsi tərəfindən sudan istifadəyə məhdudiyyətlər qoyulub.
Bu barədə Çanaqqala bələdiyyəsindən verilən yazılı açıqlamada bildirilib.
Bələdiyyə tərəfindən yaşayış və iş yerləri önündəki sahələrin şlanqla yuyulmasının qadağan edilməsi, su sərfiyyatı yüksək olan sənaye obyektlərində sudan səmərəli istifadə olunması üçün məhdudiyyətlərin qoyulması, xalça və kilimlərin yuyulmasının qadağan edilməsi, şəhər şəbəkəsinin suyu ilə şlanqlarla avtomobillərin yuyulması, avtoyuma müəssisələrində su sərfinin ayda maksimum 20 kubmetr olaraq təyin olunması, su sərfiyyatı yüksək olan iş yerlərində əvvəlcədən ödənişli elektron sayğacların quraşdırılması, qrunt sularından istifadə olunduğu halda mexaniki sayğac quraşdırılması, bağçaların səhər və axşam, mümkün olduqca quyu suyu ilə suvarılması, parklar, bağçalar, yaşıllıqlar, əkinçilik istehsal sahələrində suvarmanın məhdudlaşdırılması, təcili suvarmaya ehtiyac olan yerlərdə çiləmə üsulu ilə sudan istifadə edilməsi və su sərfinin minimuma endirilməsinə qərar verilib.
Həmçinin qərara əməl etməyən şəxslərin qanunla cərimələnəcəkləri qeyd edilib.