Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə “antikonstitusiya partiyalarının” fəaliyyətini qadağan etməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb .
“Konstitusiya prinsiplərinə, ölkəmizin və onun xalqının seçdiyi yola zidd olan bütün siyasi partiyaların fəaliyyəti konstitusiyaya zidd elan edilməli və qadağan edilməlidir”, - bəyanatda deyilir.
Zurabişvili bildirib ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına qarşı çıxan deputatların çıxışları onu təşvişə salıb. "Avropa İttifaqına və Şimali Atlantika Təşkilatına tam inteqrasiya Gürcüstanın Konstitusiyasının elan etdiyi məqsəddir", - Gürcüstan prezidenti qeyd edib.
Bundan əvvəl Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı parlament çoxluğunun nümayəndəsi, “Xalqın Gücü” hərəkatının üzvü Mixail Kavelaşvili bildirib ki, “Avropa İttifaqı bizim öz məqsədimiz deyil”.
Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinə görə deputatlar arasında dava olub. Müxalif gürcü siyasətçiləri xarici dövlətlərdən maliyyə alan subyektlərin, KİV-lərin, qeyri-hökumət təşkilatlarının reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmasının başlanmasına mane olmağa çalışıblar.