Vaşinqton Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünü “əhəmiyyətli korrupsiyada” ittiham edərək sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Bu şəxslər Gürcüstan məhkəmələrinin sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gürcüstanın qanunun aliliyini və ictimai hüquq sisteminə etimadı sarsıdıblar”, - Dövlət Departamentinin rəhbəri bildirib .
Sanksiya siyahısına Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze daxil edilib.
Martın 7-də ABŞ Dövlət Departamenti xarici agentlər haqqında qanunla bağlı vəziyyətə görə Gürcüstanın nümayəndələrinə qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etmədiklərini açıqlayıb .
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Tbilisidəki vəziyyəti izləyir və vurğulayıb ki, Gürcüstan hökuməti vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır və onların da bütün dünya xalqları kimi buna haqqı var.