Ermənistan tərəfi xeyli sayda itki verib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

"Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq", - açıqlamada bildirilir.

xxx

18:05

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Bu barədə "Unikal"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
İctimaiyyətə əlavə məlumat veriləcək.

xxx

17:04

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.