Artıq bir müddətdir ki, ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində işlər uğurla davam etdirilir. Budəfəki fəaliyyətin əsas məqsədi paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında maarifləndirmə işini əhatə edir.
"Unikal" xəbər verir ki, bu məqsədlə layihənin təşkilatçıları ümumtəhsil məktəblərinə səfər edərək 3-6-cı sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə geniş təqdimatla çıxış ediblər.
Səfərlərin 15 aprel – Ekoloji Bilik Günü ərəfəsində təşkil olunması məktəblilər arasında təbiətin bizə bəxş etdiyi resursları qorumağın vacibliyi barədə məlumatlılığın artırılmasına xidmət edir.
Təqdimat zamanı şagirdlər kampaniyanın məqsədi, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə məlumatlandırılıb. Məktəblilərin görüşünə əliboş getməyən layihə iştirakçıları onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif merçendayz hədiyyələr təqdim ediblər.
Şagirdlərlə görüşlərdə təşkilatçılar layihə çərçivəsində təşkil olunan rəsm müsabiqəsi barədə də məlumat verib, onları bu müsabiqəyə cəlb etməklə hədiyyə qazanmağa və öz yaradıcılıqlarını nümayiş etdirməyə həvəsləndiriblər.
Növbəti günlərdə də görüşlər davam edəcək. Qeyd edək ki, bundan əvvəl də layihə çərçivəsində məktəblərdə maarifləndirmə məqsədli posterlər asılmışdı.
“Bir damcı” kampaniyasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən start verilib.