“Himayədar ailə modeli ilə bağlı bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. Misal olaraq, himayəyə götürülən uşaq bir müddət sonra həmin ailə ilə münasibət qurmaya bilər, yaxud hər hansı səbəbdən imtina edər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, uşağın yenidən əvvəlki qaldığı müəssisəyə qayıtması, sonradan başqa ailəyə verilməsi əlavə psxioloji gərginlik yaradan məsələlərdir:
“Yaxud da öz ailəsində brend geyimlər geyinən uşaq himayədar ailədə olanda onun üçün ayrılan müavinətdən razı qalmaya bilər. Bu kimi məsələlər psixoloji, mənəvi problemlər də ortaya çıxara bilər. Bunlar nəzərə alınmalıdır. Hesab edirəm ki, Ailə İnstitutunun yaradılması vacibdir”.
M.Quliyev əlavə edib ki, himayədar ailələrin seçilməsi çox ciddi məsuliyyət tələb edir: “Bir çox ölkələrdə bu humanist missiya kimi nəzərdə tutulub. Hətta təyin olunan müavinət də məhz uşağın özünün istifadəsinə verilir. Biz də yavaş-yavaş bunlara getməliyik. İstənilən halda hər hansı uşaq müəssisəsindənsə, evdə qayğıya cəlb olunması əhəmiyyətlidir. Himayəyə götürən uşaqların 18 yaşından sonrakı taleyi barədə də düşünməliyik. Qanunvericilik baxımından da bu məsələyə baxılmalıdır”.
Anar Kəlbiyev