Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək. Həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyini nümayiş etdirir:
"Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var. Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni, sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir.
Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur. 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır. Bu baxımdan, prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var".
Seymur Əli