Rusiyada “Dentext” şirkətlər qrupunun prezidenti, milyonçu Aleksey Çernışovun Moskvanın mərkəzindəki evi qarət edilib. 

"Unikal" xəbər verir  ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.  

Nəşrin məlumatına görə, cinayətkarlar gecə saatlarında rusiyalı iş adamının Malaya Qruzinskaya küçəsindəki ikimərtəbəli mənzilinə daxil olublar. Hücum edənlərdən biri yataq otağına qalxaraq Çernışovun 59 yaşlı arvadını şiddətlə döyüb, daha sonra onun əllərini qandallayıb və bütün pulları təhvil verməsini tələb edib.

Qadın qızıl-zinət əşyalarının seyfdə olduğunu bildirib. Cinayətkarlar dörd milyon rubl dəyərində qiymətli əşyaları oğurlayaraq qaçıblar.

Zərərçəkmiş qadına qonşuları kömək edib. O,  xəstəxanaya aparılıb. İşgəncələrdən sonra ona kəllə-beyin travması, qolların sınığı, üz sümükləri, qançırlar və dişlərinin çıxması diaqnozu qoyulub. Oğurlar barəsində cinayət işi açılıb.  

Gülayə Mecid