Üç baş atı kəsərək, ətini Bakıda satmaq istəyən Biləsuvar sakini saxlanılıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında agentlik və Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsi sözügedən ünvana baxış keçirib. Fakt öz təsdiqini tapıb.
Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Ət müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş, fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təhvil verilib.