Şimali Koreya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya artilleriya mərmiləri və digər silahlar verərsə, hərbi əməliyyatların gedişatını ciddi şəkildə dəyişməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" analitiklərə istinadən məlumat yayıb. 

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Cozef Dempsi qeyd edib ki, Şimali Koreyada sovet dövründən qalma silahlar üçün artilleriya mərmiləri və raketlər ehtiyatı var və bu cür sursatların istehsalında təcrübə var. Bununla belə, bu ehtiyatların real həcmi və nə dərəcədə istifadəyə yararlı olduğu, həmçinin Şimali Koreyanın hərbi sənayesinin istehsal imkanları aydın deyil. Bu və ya digər şəkildə Rusiya Ukraynaya qarşı müharibə nəticəsində tükənmiş öz ehtiyatlarını kompensasiya etmək üçün onlardan istifadə etməkdə maraqlıdır.

Qərbin hesablamalarına görə, Rusiya ötən il Ukraynada 10-11 milyon mərmi xərcləyib.

Stokholm Beynəlxalq Sülh İnstitutundan Saymon Vezeman hesab edir ki, Kim Çen Inın anbarlarına çıxış qısa müddətdə Rusiya ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər, onun istehsal gücü isə uzunmüddətli perspektivə də təsir edəcək.Bundan əlavə, qeyd olunur ki, Şimali Koreya artilleriya mərmilərinin keyfiyyəti də vacibdir, çünki zəif hazırlanmış sursat aşağı dəqiqliyə malikdir və vaxtından əvvəl partlaya bilər.

Xatırladaq ki, bu gün Şimali Koreya lideri Kim Çen In Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya gəlib. Onların peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiya müqabilində Rusiyaya raketlərin verilməsini müzakirə edəcəkləri gözlənilir.

Gülayə Mecid