İranın İnsan Haqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi çərşənbə axşamı günü İran və Türkiyə arasında hüquqi və məhkəmə əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Unikal” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Qəribabadi bunu çərşənbə axşamı Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanqıçla görüşündə deyib.

Qəribabadi Türkiyə ilə qarşılıqlı fəaliyyəti gücləndirməyə, məhkəmə-hüquq əlaqələrini və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. O əlavə edib ki, məhkəmə əməkdaşlığının genişləndirilməsi ümumilikdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə kömək etməklə yanaşı, həm də iki ölkə vətəndaşlarına böyük köməklik göstərəcək.

O, İran və Türkiyə arasında məhkəmə əməkdaşlığı haqqında saziş mövzusuna münasibət bildirərək deyib ki, bu müqavilənin əsas hissələrindən biri iki ölkə arasında məhkumların təhvil verilməsi haqqındadır. 

Kırlanqıç öz növbəsində bildirib ki, iki ölkə rəsmiləri arasında aparılan danışıqlardan sonra Türkiyədə saxlanılan 40 iranlı məhbusun vətənlərinə qaytarılması üçün lazımi şərait yaranıb. 

Nuranə Abbasova