Meksikalı narkobaron Xoakin “El Çapo” Quzmanın həyat yoldaşı Emma Koronel Los-Ancelesdəki həbsxanadan azad olunacaq.

"Unikal" "The Guardian" istinadən xəbər verir ki, 34 yaşlı Emma Koronel 2021-ci ildə Sinaloa narkotik kartelinə yardım etməkdə, o cümlədən pulların yuyulması, qanunsuz narkotiklərin yayılması və maliyyə əməliyyatları ilə məşğul olmaqda günahını etiraf edərək üç il həbs cəzasına məhkum edilib.

O, həmçinin 2014-cü ildə həbs olunduqdan sonra Meksikanın Altiplano həbsxanasında saxlanıldığı müddətdə kartel lideri Quzman və təşkilatın digər üzvləri arasında kuryer kimi fəaliyyət göstərdiyini etiraf edib. Koronel cinayət fəaliyyətindən əldə etdiyi təqribən 1,5 milyon dolları ABŞ hökumətinə təhvil verməyə razılaşıb və sonradan onun üç illik cəzası azaldılıb. 

Bu arada, Xoakin Quzman ABŞ-da ömürlük həbs cəzasını çəkir. O, 2017-ci ildə Meksikanın maksimum təhlükəsizlik rejimli həbsxanalarından iki dəfə, bir dəfə də kamerasından bir kilometr uzunluğunda tunel qazaraq qaçdıqdan sonra ekstradisiya edilib.

Koronelin Quzmandan iki qızı var. O, 2007-ci ildə 18 yaşında narkobaronla evlənib.

Gülayə Mecid