Sentyabrın 8-nə keçən gecə Afrika ölkəsi Mərakeşdə, episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində baş verən 7 bal gücündə zəlzələdə axtarış-xilasetmə işləri davam edir.

"Unikal" xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi zəlzələ ilə bağlı yenilənmiş məlumatları paylaşıb. Nazirliyin açıqlamasında 7 bal gücündə zəlzələ nəticəsində can itkisinin 2 min 901-ə, yaralı sayının isə 5 min 530-a yüksəldiyi bildirilib.

4 ölkədən humanitar yardımı qəbul edən Mərakeş, Qərbi Sahara problemi səbəbilə uzun illər diplomatik əlaqələri kəsdiyi Əlcəzairin yardım təklifini rədd edib.

Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Əlcəzair hökuməti Mərakeş Krallığından rəsmi cavab alıb və Əlcəzairin təklif etdiyi humanitar yardıma ehtiyacı olmadığını bildirib", -  ifadəsi işlədilib.  

Mərakeşdəki zəlzələdən sonra Əlcəzair 2021-ci ildən bəri bağlı olan hava məkanının yardım və yaralıları daşıyan təyyarələrə açıldığını açıqlayıb. Əlcəzair Xarici İşlər Nazirliyinin həmin gün verdiyi açıqlamada, “Əlcəzair zəlzələdə həyatını itirənlərin ailələrinə və qardaş Mərakeş xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır", -  qeyd olunub.  

Gülayə Mecid