Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə vətəndaşa məxsus ev qəzalı vəziyyətə düşüb, piyada körpüsü uçub.

"Unikal" xəbər verir ki, dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019–cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.

Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada körpüsünü də uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş – gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, körpünün olmaması səbəbindən 15-ə yaxın şagirdin məktəbə getməsi çətinləşib.

Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsində ikisi azyaşlı olmaqla dörd nəfər yaşayır.