Biz həm ermənilərin, həm də azərbaycanlıların faydalı hesab etdiyi heç bir əlaqənin əleyhinə deyilik.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə nazirlərin “3+3” görüşünün yekunları üzrə jurnalistlərə deyib.
Nazir xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı Moskva, İrəvan və Bakı arasında ayrıca razılaşma var.
“Onlar, ermənilər və azərbaycanlılar, Rusiya tərəfinin məsləhətçi qismində işində iştirak edəcəyi sərhədin delimitasiyası komissiyası yaratmaq barədə razılığa gəliblər. Təəssüf ki, bu komitə uzun müddətdir ki, iclas keçirmir”, - o əlavə edib.
Lavrov bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesinə faktiki yardım göstərməyə hazırdır.
“Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasının əlindədir. Tərəfdaşlar bunu başa düşürlər.
Əgər istəsələr, Brüsseldə şanslarını sınasınlar, lakin biz hər zaman real sərhədin demarkasiyasına başlamaqda kömək etməyə hazırıq”, - Rusiya diplomatik departamentinin rəhbəri bildirib.