Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpası konsepsiyasını dəstəkləyən ilk ölkələr sırasında olub.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Əli Əsədov qeyd edib ki, orta dəhliz dünyanın ən təhlükəsiz və səmərəli dəhlizlərindən birinə çevrilə bilər.
"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirmək təşəbbüsünə qoşulan ilk şəxs Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze oldu.
Bu mötəbər konfrans 1998-ci ildə Bakıda 9 ölkənin dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Konfransın yekunu olaraq Aİ TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair əsas çoxtərəfli saziş" imzalanıb", - deyə baş nazir xatırladıb.
Baş nazir bildirib ki, son iyirmi ildə ölkəmiz bir sıra mühüm regional layihələrin təşəbbüskarı olub və bu layihələrdə iştirak edib: "Bunların arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi (o cümlədən TANAP/TAP), Bakı -Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı".
Ağarza Elçinoğlu