Gürcüstanla əməkdaşlıq gündəliyinə yeni liman infrastrukturunun yaradılması məsələsi daxildir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Azərbaycanın baş naziri qeyd edib ki, biz bu istiqamətdə əməkdaşlığa hazırıq: "Limanlarla yanaşı, mülki yük donanmasının da mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Xəzər dənizində ən böyük flotiliyaya malikdir. Bakı Gəmiqayırma Zavodu müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri üzrə sifarişləri uğurla yerinə yetirir. Yeni vəzifələr fonunda biz yüklərin artırılması istiqamətində fəal işləyirik. Bütün bunlar qitələrarası daşımalarda mühüm tranzit əlaqələri kimi ölkələrimizin rolunu daha da artırır.
Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükdaşıma qabiliyyəti ilə sıx bağlıdır: "Bu baxımdan, Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı qeyd olunan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm həlqəsidir".
Onun sözlərinə görə, hazırda limanın yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal iş aparılır: "Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda, Orta Dəhlizin inkişafına Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də kömək edəcək. Biz həm Gürcüstan, həm də regiondakı digər tərəfdaşlarla koordinasiyalı şəkildə nəqliyyat sektorunda işlər görürük. Təqdirəlayiq haldır ki, Gürcüstan da bu istiqamətdə mühüm işlər görür - dəmir yolları modernləşdirilir, limanlar tikilir və genişləndirilir, yol infrastrukturu inkişaf etdirilir".
Ağarza Elçinoğlu