Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Ankarada Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
"Unikal" xəbər verir ki, Sahibə Qafarova hazırda bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı reallıqdan uzaq məlumatların yayılmasını, qərəzli, birtərəfli münasibət göstərilməsini tənqid edib. O, Ermənistanın Qərbdəki havadarlarının rəsmi İrəvanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürdüklərini bildirib. Onun sözlərinə görə, bir sıra beynəlxalq parlament təşkilatlarının, xarici ölkə parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrində bu dairələrin izləri açıq-aşkar görünür. Halbuki onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər.
Milli Məclisin sədri bu cür bədnam kampaniyalara qarşı birgə addımların atılmasını, həmçinin beynəlxalq parlament təşkilatlarının sessiyalarından əvvəl nümayəndə heyətlərimiz arasında müntəzəm görüşlərin, məsləhətləşmələrin daha da gücləndirilməsini, dost ölkələrin nümayəndələri ilə təmasların artırılmasını zəruri hesab edib.
Türkiyənin hər platformada Azərbaycanın yanında olduğunu söyləyən Numan Kurtulmuş artıq keçmişdə qalmış Ermənistanla Azərbaycan arasında münaqişənin ölkəmizin iradəsi və gücü sayəsində həll olunduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü və ədaləti təmin etdiyini söyləyib.
O, ATƏT-in Minsk qrupunun uzun illər fəaliyyətsizliyini və problemin həlli üçün heç bir iş görmədiyini xatırladıb. Hazırda Azərbaycanın haqlı mübarizəsini əngəlləməyə çalışan dövlətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM sədri Azərbaycanın diplomatiya sahəsində də qələbə qazanacağına inamını ifadə edib.