Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olublar. Bunun ən böyük örnəyinə Qarabağ müharibəsində və Türkiyədə baş vermiş zəlzələ zamanı şahid olduq.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən təşkil edilən yubiley tədbirində jurnalistlərə açıqlamasında baş konsul Asip Kaya deyib.
Asip Kaya bildirib ki, sevincdə və kədərdə birlikdə olmağın qürurunu yaşayırıq: "Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. Bizim 100-cü ildönümümüz eyni zamanda Azərbaycanın da 100-cü ildönümüdür. İnşallah, bu 100 illik Türk dünyası əsri olacaq. Türkiyə və Azərbaycanın rəhbərliyində bütün Türk dünyası bir araya gələrək böyük birlik yaradacaq. Bunun yolu isə Naxçıvandan keçir. Çünki Naxçıvan önəmli bir dəhlizdir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə bir-birinə qovuşacaq. Türk dünyası yenidən dirçələcək. Buna ürəkdən inanırıq. Naxçıvan bu mənada çox önəmli rol oynayacaq. Naxçıvanın gələcəyi çox parlaqdır".