BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Abu-Dabi qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.
Bu barədə "Unikal"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam A. Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Öz növbəsində, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.
Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər bayramı tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.